”Elektron ticarət haqqında” Azərbaycan Respublikasının qanunu
Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin
hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir.
I Fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:
1.0.1. Elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı,
xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət;
1.0.2. Elektron ticarətin iştirakçıları – elektron ticarətin həyata keçirilməsi zamanı satıcı
(təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və
fiziki şəxslər;
1.0.3. Satıcı (təchizatçı) – malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət
iştirakçısı;
1.0.4. Alıcı (sifarişçi) – malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı;
1.0.5. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra – vasitəçi) – elektron sənədi
göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi
şəxs;
1.0.6. Kommersiya bildirişi – satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin
göstərilməsinə, işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud
dolayı yolla xidmət edən məlumat.
Maddə 2. Qanunun tətbiq sahəsi
2.1. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun
Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil
olunur.
2.2. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə
bağlı münasibətlər Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
2.3. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən notarial qaydada
təsdiqlənməli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə şamil edilmir.
Maddə 3. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
3.1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən,
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu
Qanundan və digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
3.2. Əqdlərin elektron formada bağlanması ilə əlaqədar məsələlər bu Qanunla və elektron
sənəd dövriyyəsinə dair qanunvericiliklə, əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və
icrası ilə bağlı məsələlər isə, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan məsələlər istisna
olmaqla, mülki qanunvericiliklə tənzimlənir.
II Fəsil. Elektron ticarətin təşkili
Maddə 4. Elektron ticarətin əsas prinsipləri
4.1. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı
prinsiplərə əsaslanır:
4.1.1. iştirakçıların hüquq bərabərliyi;
4.1.2. iştirakçıların iradə sərbəstliyi;
4.1.3. iştirakçıların əmlak müstəqilliyi;
4.1.4. mülkiyyətin toxunulmazlığı;
4.1.5. müqavilə azadlığı;
4.1.6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;
4.1.7. azad və ədalətli rəqabət;
4.1.8. malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti;
4.1.9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.
4.2. Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və
həyata keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
məhdudiyyətlər qoyula bilər.
4.3. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi
razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı
(təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq
(lisenziya) almalıdır.
4.4. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə
və bağladıqları müqavilələrə əsasən əldə edir və həyata keçirirlər.
Maddə 5. Elektron ticarətin iştirakçılarına olan tələblər
5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq
(lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada
hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan
satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.
5.2. Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar
Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan
alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.
5.3. Satıcı (təchizatçı) özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və
səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır:
5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin
soyadı, adı və atasının adı, ünvanı;
5.3.2. əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);
5.3.3. satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu
halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı
(təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının
və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq
imkanı barədə məlumat);
5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda, xüsusi razılıq
(lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;
5.3.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.3.6. malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma
haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat.
5.4. Alıcı (sifarişçi) bu Qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlakçıların
hüquqlarının müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında
bağlanmış müqavilələrlə nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir.
5.5. Vasitəçi məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət
orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərdiyi
xidməti dayandırır, informasiyanın saxlanılması xidmətini göstərdiyi halda isə, həmçinin
informasiyanı silir və ya ona çıxışı məhdudlaşdırır.
III Fəsil.Elektron ticarətin həyata keçirilməsi
Maddə 6. Kommersiya bildirişi
6.1. Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı (təchizatçı) kommersiya bildirişindən
istifadə edə bilər. Kommersiya bildirişi aşağıdakı şərtlərə cavab verməlidir:
6.1.1. bildirişin kommersiya xarakterli olması aydın bildirilməlidir;
6.1.2. kommersiya bildirişini göndərənin adı və ünvanı dəqiq göstərilməlidir;
6.1.3. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar
və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı
ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır;
6.1.4. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar
barədə məlumatlar aydın göstərilməli, onlarda iştirak şərtləri açıq, birmənalı ifadə olunmalı və
bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.
6.2. Satıcıya (təchizatçıya) birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən,
İnternet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (təchizatçısı)
barədə sərbəst surətdə, xüsusən də xərc çəkmədən əldə edilmiş məlumatlar kommersiya
bildirişinə aid edilmir.
6.3. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt
vasitəsilə təşəbbüs xarakterli kommersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı)
təşəbbüs xarakterli kommersiya bildirişlərini almaq istəməyən şəxslərin qeydiyyatdan
keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs xarakterli
kommersiya bildirişlərinə cavab verilməməsi aksept hesab olunmur.
Maddə 7. Müqavilənin bağlanması
7.1. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron
sənəd formasında bağlanır.
7.2. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə
ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət
etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik
fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.
7.3. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və
birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və
onu saxlamağa imkan verən formada hazırlanmalıdır.
7.4. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən
müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu
müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.
7.5. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər
tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul
edilməsinin təsdiqi aksept hesab olunmur.
Maddə 8. Müqavilənin bağlanmasına aid tələblər
8.1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla
təmin olunmalıdır:
8.1.1. təchizatçının adı, ünvanı;
8.1.2. malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədə əsas məlumatlar;
8.1.3. vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;
8.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;
8.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;
8.1.6. bu Qanunda nəzərdə tutulmuş imtina hüququndan istifadə imkanı;
8.1.7. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;
8.1.8. ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin
minimal müddəti;
8.1.9. müqavilənin bağlanma üsulu və mərhələləri;
8.1.10. satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış
imkanı;
8.1.11. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların
düzəldilməsi üçün mövcud olan texniki imkanlar.
8.2. Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal
bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş
qəbul olunmuş sayılır.
8.3. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş məlumatlar, bu Qanunun 9.3-cü maddəsində
göstərilən hallar istisna olmaqla, təsdiqləmə formasında yazılı şəkildə müqavilə bağlananadək
alıcıya (sifarişçiyə) çatdırılmalıdır. Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə,
müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.
8.4. Təsdiqləmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:
8.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;
8.4.2. alıcının (sifarişçinin) şikayət edə bildiyi ünvan;
8.4.3. satışdan sonrakı xidmət və zəmanətlər;
8.4.4. müqavilənin bir ildən artıq müddətə və ya qeyri-müəyyən müddətə bağlandığı halda,
onun dayandırılması şərtləri.
8.5. Bu Qanunun 8.4-cü maddəsi bir dəfəyə göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda
alıcıya (sifarişçiyə) ancaq şikayət edə bildiyi ünvan bildirilməlidir.
Maddə 9. Müqavilənin icrasından imtina
9.1. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü
ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə
bilər.
9.2. Bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəlik yerinə yetirilmişdirsə, müqavilənin
icrasından imtina edilmə müddəti müqavilənin bağlandığı gündən hesablanır.
9.3. Satıcı (təchizatçı) bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəliyi tam yerinə yetirə
bilmədikdə, o, bunu müqavilə bağlanandan sonrakı 3 ay ərzində etməlidir. Bu dövrdə öhdəlik
yerinə yetirilərsə, 7 günlük imtina müddəti həmin gündən hesablanır.
9.4. Alıcı (sifarişçi) bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müqavilənin icrasından
imtina etdikdə, satıcı (təchizatçı) onun ödədiyi məbləği əlavə xərc olmadan 7 gün ərzində geri
qaytarmalıdır. Bu zaman alıcıdan (sifarişçidən) yalnız malın qaytarılması xərci tutula bilər.
9.5. Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin
icrasından imtina edə bilməz:
9.5.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının
(sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;
9.5.2. qiymətləri satıcı (təchizatçı) tərəfindən tənzimlənməyən maliyyə bazarındakı
dəyişmələrdən asılı olan malların təchizatı üzrə müqavilələrdə;
9.5.3. alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən
geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların
təchizatı üzrə müqavilələrdə;
9.5.4. audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların
qablaşdırma materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;
9.5.5. qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.
Maddə 10. Müqavilənin icrası
10.1. Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən göndərilən
gündən başlayaraq ən geci 30 gün ərzində satıcı (təchizatçı) tərəfindən yerinə yetirilməlidir.
10.2. Satıcı (təchizatçı) sifariş verilmiş malları (işləri, xidmətləri) onların olmaması
(görülməsinə və ya göstərilməsinə imkanın olmaması) səbəbindən təmin edə bilmədikdə,
alıcıya (sifarişçiyə) bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri
qaytarmalıdır.
10.3. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının (sifarişçinin) sifarişi
olmadan onların təmin edilməsi qadağandır.
10.4. Satıcı (təchizatçı) öz təşəbbüsü ilə ödəniş əsasında malların və xidmətlərin çatdırılmasını
həyata keçirərsə, alıcının (sifarişçinin) belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.
IV Fəsil. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Maddə 11. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin ümumi
əsasları
11.1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat
verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
məsuliyyət daşıyır.
11.3. Əqli mülkiyyət hüquqlarının və digər hüquqların pozulması ilə həyata keçirilən elektron
ticarət qanunsuz sayılır və pozulmuş hüquqların bərpası qanunla müəyyən edilmiş qaydada
həyata keçirilir.
11.4. Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və
əlaqəli hüquqların, inteqral sxem topologiyalarına və məlumat bazalarına olan hüquqların,
həmçinin folklor nümunələri barəsində və sənaye mülkiyyətinə olan hüquqların pozulduğu
hallarda digər dövlətin ərazisindən xidmətlərin göstərilməsi azadlığı məhdudlaşdırıla bilər.
Maddə 12. Vasitəçinin məsuliyyəti
12.1. Vasitəçi elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə
yetirilməməsinə görə məsuliyyət daşıyır.
12.2. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı
rabitə şəbəkəsi vasitəsilə ötürmək və ya rabitə şəbəkəsinə çıxış imkanını təmin etmək xidməti
göstərdikdə, ötürülən informasiyaya görə aşağıdakı hallarda məsuliyyət daşımır:
12.2.1. ötürmənin təşəbbüskarı olmadıqda;
12.2.2. informasiyanın alıcısını seçmədikdə;
12.2.3. ötürülən informasiyanın məzmununu dəyişmədikdə və ondan seçmələr etmədikdə.
12.3. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı
rabitə şəbəkəsi vasitəsilə ötürmək xidməti göstərdikdə, digər alıcının (sifarişçinin), satıcının
(təchizatçının) sorğuları əsasında informasiyanın daha səmərəli təqdim edilməsi məqsədi ilə
ötürülən informasiyanın avtomatik, müvəqqəti və qısamüddətli saxlanılmasına görə aşağıdakı
hallarda məsuliyyət daşımır:
12.3.1. informasiyaya düzəlişlər etmədikdə;
12.3.2. informasiyaya çıxış şərtlərinə riayət etdikdə;
12.3.3. ümumi qəbul edilmiş qaydada informasiyanın yeniləşdirilməsi şərtlərinə riayət
etdikdə;
12.3.4. informasiyanın istifadəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə qanuni,
ümumi qəbul edilmiş və geniş istifadə edilən texnologiyalar vasitəsilə müdaxilə etmədikdə;
12.3.5. informasiyanın ilkin mənbəyində onun silinməsi və ya ona çıxışın məhdudlaşdırılması
barədə məlumat aldıqdan sonra dərhal eyni tədbirlər gördükdə, həmçinin bu əməliyyatları
məhkəmənin qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi əsasında həyata keçirdikdə.
12.4. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanın
saxlanılması üzrə xidmət göstərirsə, informasiyanın saxlanılmasına görə aşağıdakı hallarda
məsuliyyət daşımır:
12.4.1. fəaliyyətin və ya informasiyanın qanunsuz xarakteri barəsində faktiki məlumatlara
malik olmadıqda və zərərin əvəzinin ödənilməsi üzrə iddialar baxımından fəaliyyətin və ya
informasiyanın qanunsuz olması barədə dəqiq faktlar və təfərrüatlar bəlli olmadıqda;
12.4.2. bu barədə məlumat və ya xəbərdarlıq aldıqda, saxlanılan informasiyanın silinməsinin
və ya ona çıxışın qarşısının alınması ilə bağlı dərhal tədbirlər gördükdə.
12.5. Vasitəçi xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin
aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal
surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilə
bilməz, yaxud bunu fərdi təşəbbüs qaydasında həyata keçirə bilməz.
12.6. Vasitəçi xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz
fəaliyyəti və ya informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarını
məlumatlandırmalıdır və onların müraciətinə əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin),
satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatları təqdim etməlidir.
V Fəsil. Yekun müddəalar
Maddə 13. Mübahisələrin həlli
13.1. Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan
məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə
bilər.
13.2. Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdə müəyyən olunmuş
müddətdə baxırlar.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2005-ci il
No 908-IIQ