Elektron Qaymə və Faktura sistemi nəyi dəyişəcək

Yaxın günlərdə tətbiq ediləcək olan “Elektron Qaimə və Faktura Sistemi” (EQFS) Elektron Ticarət şirkətlərinin üzünü güldürəcək. Belə ki, Elektron Ticarət vasitəsi ilə satılan xidmət və məhsullara qaimə və ya fakturanı istər e-mail vasitəsi ilə istərsə də digər elektron ötürmə vasitəsi ilə istehlakçıya göndərilə biləcək. Bu vaxta qədər ənənəvi qayda da istehlakçılara çatdırılan bu sənədlərin artıq fiziki sənəd şəklində göndərilməsinə zəruriyyət yaranmayacaq.

Beynəlxalq təcrübədə illərdir özünü doğrultmuş EQFS, Elektron Ticarətin dövriyyəsini anlıq olaraq izləməyə imkan yaradacaq. Gələcək də Elektron Ticarət şirkətləri ilə bərabər bütün fiziki mağazalar bu sistemə qoşulacaq. Fiziki mağazalar satılan hər bir məhsul və xidmətin fakturasını EQFS-dən istehlakçılara çap edib verəcək. Artıq əllə yazılan qaimə və faktura dövrünün sonuna gəldik deyə bilərik !

2015-ci ildə təqribi 13 milyon manat dövriyyəsi olan yerli Elektron Ticarət bazarında bu dəyişiklikdən sonra vergidən yayınmanın azalacağı və canlanma müşahidə olunacağı şübhəsizdir. Əgər sistem təkmilləşmiş “API” texnologiyaları imkanları ilə Elektron Ticarət mağazalarının sisteminə bağlanıla bilsə, tam avtomatikləşdirilmiş EQFS-ni istənilən sistemə inteqrasiya etmək olacaq. Əgər ilkin mərhələdə təkmilləşmiş “API” texnologiyası imanı olmasa, mağaza məcbur olacaq ki, satılan məhsul və ya xidmətə fakturanı onlayn rejimdə “Vergilər İnformasiya Sisteminə” daxil etsin. Daha sonra nüsxəsini elektron variantda istehlakçıya göndərsin.
EQFS əslində hazırlanmaqda olan “Elektron Pul Kisəsi və Ödəmələr” qanunun ilkin mərhələsi sayılır. Daha sonra qanunvericilikdə edilən dəyişiklərlə “Paypal” “Stripe” kimi şirkətlərin ölkəmizdə qanuni fəaliyyətini görə biləcəyik. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Azərbaycanın aidiyyəti qurumları ilə “Paypal” arasında danışıqlar gedir. Nəticəsi yaxın günlərdə bütün ictimaiyyətə bildiriləcək.

Biznesin inkişafı üzrə mütəxəssis
Nicat Manafov / [email protected]